Eziz canlar oxuyasiz deye ekledim Mevlana muelliminin nurundan...
~~~
Bayəzid4 - Allah onun ruhunu şad eləsin! - hansı şəhərə gedirdisə, gəzmək istəyəndə, o şəhərin qəbristanlığına yollanırdı. Necə ki,birisi İbn Abbasdan5 - Allah ondan razı olsun! - soruşmuşdu: “Ey Peyğəmbərin əmisi oğlu, gəzmək istəyəndə hara gedim?” O da buyurmuşdu: “Əgər gündüz olsa, qəbristanlıqda gəz, gecə olsa, asimanı seyr elə!” Bayəzid qəbristanlıqda gəzir və insan kəllələri görürdü. Birdən daxilində bir səs eşitdi ki, kəllələri götür əlinə və yaxşı-yaxşı bax! Götürüb baxanda gördü ki, bəzi kəllələrin qulaq yerində deşik yoxdur, bəzilərində bu qulaqdan o qulağa qədər, bəzilərində isə qulaqlardan hulquma qədər deşik var. Dedi: “Xudaya, camaat bunların hamısını bir görür, mənə isə fərqi göstərdin. İndi özün aç, görüm bu kəllələr niyə belədir!” Səda gəldi: “Qulağında deşik olmayan kəllələr o kəslərindir ki, bizim sözümüzü heç eşitmirdilər. Bu qulaqdan o qulağa qədər deşiyi olan kəllələr o kəslərindir ki, bizim sözümüzü bir qulaqdan alıb o birindən ötürürdülər. Qulağından hulquma qədər deşiyi olan kəllələr o kəslərindir ki, bizim sözümüzü qəbul edirdilər”…
~~~
Belə nəql edirlər ki, Həllacı6 dar ağacından asanda, şəriət hakimlərinin hökmünə əsasən, Bağdad əhlinin hər biri ona bir daş atmalı idi. Doğrudan da, hərə ona iri bir daş atdı. Dostlarından da bunu tələb etdilər. Çarəsiz qalıb daş əvəzinə ona bir dəstə gül atdılar. Həllac dərhal nalə çəkdi. Bu mənzərəni seyr edən birisi təəccüblə soruşdu: “O qədər daşlardan sonra nalə çəkmədin, bir dəstə gül atılanda niyə ağladın?” Dedi: “Məgər bilmirsiniz ki, dostun cəfası daha ağır olur?!”
~~~
Bir baqqalın hindli bir qulu vardı. Baqqal hər müştəriyə yağ və ya bal çəkəndən sonra gizlicə bir barmaq üstündən götürərdi. Qul bununla razılaşmasa da, bir şey deməyə cürət eləmirdi. Nəhayət, günlərin bir günü baqqalın böyük bir tuluğu deşildi və içindəki bal axıb yerə töküldü. Bunu görən hindli qul dedi: “Bəli, barmaqla götürərsən, tuluqla gedər. Pislik edən - pislik görər. Quyu qazan - özü düşər.”
~~~
Yəhudi, xristian və müsəlman yoldaş olub yola düzəldilər. Bir az pul tapıb halva aldılar. Dedilər: “Artıq axşamdır, sabah yeyərik. Həm də halva azdır, kim daha yaxşı yuxu görsə, o da yeyər”. (Məqsədləri müsəlmana halva verməmək idi). Müsəlman gecənin bir aləmi yuxudan ayıldı: nakam aşiq hara,yuxu hara?! Durub halvanın hamısını yedi.
Səhərisi xristian dedi: “Yuxuda gördüm ki, İsa göydən enib məni səmaya qaldırdı.” Yəhudi dedi: “Musa məni behiştin tamaşasına apardı. Sənin İsan göyün dördüncü qatında idi. Onun qəribəliklərini behiştin gözəllikləri ilə müqayisə etmək olarmı?!” Müsəlman dedi: “Məhəmməd gəlib söylədi: “Ey biçarə, birini İsa apardı göyün dördüncü qatına, o birini də Musa apardı behiştə, sən yazıq məhrum qaldın. Barı dur, bu halvanı ye!” Mən də durub halvanı yedim”. Yəhudi ilə xristian dedilər: “Vallah, əsl yuxunu sən görmüsən, bizim gördüyümüz boş xəyaldan başqa bir şey deyilmiş!”
İZAHLAR
1. «İki addım atdı və çatdı» ifadəsi Həllac Mənsura aid edilir.Xacə Abdullah Ənsarinin və Fəridəddin Əttarın yazdığına görə, Həllacdan soruşurlar: «Bəndədən Allahadək nə qədər yol var?» Həllac deyir: «İki addım. Bir addım dünyadan, bir addım da axirətdən at - o zaman Rəbbinə çatarsan.»
2. İbrahim ibn Ədhəm (vəf.776-cı il) - erkən sufizmin görkəmli nümayəndələrindən biri. Rəvayətə görə, Bəlx hökmdarı olmuş, təsəvvüfü seçdikdən sonra hakimiyyətini və ailəsini atıb Mədinəyə getmiş, orada ağır fiziki işlərdə çalışmışdır. Sonralar onun haqqında çoxlu hekayətlər qoşulmuşdur. Şəmsin nəql etdiyi bu hekayətə Əttarın «Təzkirətül-övliya»sında və «Məsnəvi»nin dördüncü dəftərində də rast gəlirik.
3. Harun ər-Rəşid (786 - 809) - məşhur Abbasi xəlifəsi.
4. Bayəzid Bəstami (vəf.875-ci il) - sufizmin görkəmli nümayəndələrindən biri, təsəvvüfdə «məstlik» («sükr») cərəyanının banisi.
5. Abdullah ibn Abbas (619 - 686) - Məhəmməd peyğəmbərin əmisi oğlu. Hədislərin toplanması ideyasının müəllifi və Quranın ilk təfsirçilərindən biri olmuşdur.
6. Həllac ibn Mənsur (858 - 922) - məşhur sufilərdən və təsəvvüf tarixində müstəsna rol oynamış şəxsiyyətlərdən biri, «Ənə-l-həqq» ifadəsinin müəllifi. Öz əqidəsinə görə 922-ci ildə dar ağacından asılmışdır.
Tərcümə edən və izahların müəllifi: Məsiağa Məhəmmədi
|
Sponsor Reklamlar
|